Bayram Məmmədovun istintaq prosesi ilə bağlı bəyanat

N!DA 01/06/2021

Bayram Məmmədovun istintaq prosesi ilə bağlı bəyanat

Keçmiş siyasi məhbus və N!DA Vətəndaş Hərəkatının keçmiş üzvü Bayram Məmmədov 2 may 2021-ci il tarixində İstanbulda naməlum şəkildə həlak olub.

Bayram Məmmədovun cəsədi sahildə boğulmuş vəziyyətdə tapılıb. Türkiyə polisi tərəfindən ilk olaraq "şübhəli ölüm" olmadığı deyilsə də, daha sonra bu açıqlama dəyişdirilmiş və Bayramın ölümü "şübhəli ölüm" olduğu qeyd olunub. Hadisə ilə bağlı araşdırılmanın və zəruri istintaq tədbirlərinin aparılacağı bildirilib.

Lakin bu vaxta qədər keçmiş siyasi məhbus Bayram Məmmədovun müəmmalı ölümü ilə bağlı Türkiyə polisi tərəfindən ətraflı məlumat verilməyib.

Hadisənin hansı şəraitdə baş verməsi və necə olub Bayram Məmmədovun boğulması barəsində yekdil fikir səsləndirilməyib.

Hadisənin baş verdiyi iddia edilən ərazidəki kamera görüntüləri ictimaiyyətə təqdim edilməyib. Azərbaycan hakimiyyəti və aidiyyatı qurumlar tərəfindən Bayram Məmmədovun ölümü ilə bağlı hər hansı açıqlama verilməyib.
Bu vaxta qədər ictimaiyyətə ətraflı məlumatın verilməməsi, istintaq tədbirlərinin nəticələri və kamera görüntülərinin təqdim edilməməsi, Azərbaycan hakimiyyətinin və aidiyyatı orqanların susqunluğu Bayram Məmmədovun ölümü ilə bağlı haqlı şübhələrə səbəbiyyət verir.

Bütün bunları nəzərə alaraq N!DA Vətəndaş Hərəkatı, D18 Hərəkatı, AXCP Gənclər Komitəsi, HƏP Gənclər Təşkilatı, Oyan Hərəkatı, Müsavat Gənclər Təşkilatı, Tələbə Güc Mərkəzi Türkiyə və Azərbaycan hakimiyyətlərindən tələb edir!

1.Bayram Məmmədovun ölümü ilə bağlı başlanılmış istintaq işinin gedişi, əldə olunan ilkin nəticələr barəsində ictimaiyyət dərhal məlumatlandırılmalıdır!

2. Ölüm səbəbləri, hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı məlumatlar təqdim edilməlidir!

3. Azərbaycan hakimiyyəti və aidiyyatı qurumlar Bayram Məmmədovun həlak olması ilə bağlı açıqlama verməli, istintaq prosesində yaxından iştirak etməli və Türkiyə hüquq mühafizə orqanları ilə birgə kordinasiyalı şəkildə işləməlidir!

4. Bu mövzuda Türkiyə hüquq mühafizə orqanlarının, Azərbaycan hakimiyyəti və aidiyyatı qurumların səssizliyi və istəksizliyi Bayram Məmmədovun ölümü ilə bağlı fərqli spekulyasiyaların yaranmasına səbəb olur. Bu cür düşüncələrin yaranmaması və adekvat nəticələrinin olmaması üçün Türkiyə və bilavasitə Azərbaycan hakimiyyəti istintaq prosesinin nəticələnməsində maraqlı olmalıdır!

#BayramNedenÖldü
#BayramaNeOldu