Əfqanıstandan çıxarılacaq dərslər - Azərbaycan reallığı

16/08/2021

Bu gün hamılıqla, içi mən qarışıq Talibanın Əfqanıstanda hakimiyyəti əlinə almasından təəssüflənirik. Amma niyə?
Bəli, hər birimiz razıyıq ki, Taliban dünyəvi dəyərlərin daşıyıcısı deyil və bizə orta əsr düşüncəsini xatırlatdığı üçün şərdir.

Amma bir də belə baxaq, 2001-ci ildən bu günə kimi Əfqanıstanda dünyəvi dəyərlər təbliğ olunurdumu? Əfqanıstan elə cənnət-məkan yer idimi ki, Talibanın gəlməsi oranı cəhənnəmə çevirəcək? Bəlkə, Kabil küçələri əlvan Paris gecələrini xatırladırdı? Biz elə yanaşırıq ki, bu günə kimi sanki bütün əfqan qadınları başı açıq, firəvan yaşayırmış. Amma Talibanın gəlişi hamını çadraya möhtac edəcək. Bu günə kimi Əfqanıstanda ac yalavac heç kim yox imiş, hamı hüquqi dövlətdə yaşayırmış, amma bundan sonra aclıq olacaq. Sanki Əfqanıstanda bu günədək bütün uşaqlar məktəbə gedirdi, amma tək problem indi oğlan və qızların ayrılmasıdır. Sanki yuxarı siniflərdə dərs deyəcək yetərli müəllim var idi, amma bu gün qadın müəllimlərin siniflərə girməsinin qadağan olunması ən böyük problemdir.

Mən iddia etmirəm (əsla) ki, Taliban yaxşıdır və xeyirlidir. Əksinə Əfqanıstan onsuzda qaranlıq bir yer idi və indi daha da qaranlıqlaşdı. Bu qaranlığı 20 il qoruyub saxlayan da elə əfqan hökümətinin özü idi.

Heç birimiz sual vermirik ki, o 300 minlik ordusu olan hökümət 20 ildə niyə normal dövlətə çevrilmədi? Niyə islahatlar edilmədi. 20 il bütün Qərb Əfqanıstanı qorumaqla məşğul idi. Bəs inkişaf niyə olmadı? Niyə 20 illik hökümət, Qərb silahları aeroportları olan hökümət Talibanın qabağında silahı qoyub qaçdı? Bəs niyə əfqan xalqının səsi çıxmırdı? Bu Talibanın sıraları niyə genişlənirdi?

Biz elə gəlir ki, Əfqanıstan Azərbaycandır, hamı bizim kimi düşünür orda və tək problem Talibanın hakimiyyəti ələ keçirməyidir. Bu bir baxımdan bizim içimizdə dini irticaya qarşı qorxudan qaynaqlanır. Biz Əfqanıstanda olanların nə vaxtsa bizdə olacağına ehtimal verdiyimiz üçün ağlamaq həddinə çatmışıq.

Yəni biz əfqanlar üçün təəssüflənib eləmirik. Biz öz günümüzə ağlayırıq. Bizi qorxudan heç kimin bizə köməyə gəlməyəcəyidir. Çünki biz həmişə kiməsə ümid olmuşuq. Ağlımıza gəlməyib ki, bu ölkədə demokratiya qurmalı olan da, onu inkişaf etdirməli olanda bizik və heç kim gəlib bizim əvəzimizə nəsə etməyəcək.

Heç kim düşünməsin ki, Azərbaycan Taliban kimi radikal qruplaşmaların təhlükəsindən sığortalanıb. Talibanı bu gün Əfqanıstanda hakimiyyətə gətirən ölkənin daxili problemləridir. Normal məhkəmə, hüquq, təhsil sisteminin olmaması, hökümətin səriştəsizliyi və klanlar arası müharibələrdir. Taliban və talibankimilər məhz belə mühitlərdə yetişir, boy atır və ən sonunda gəlib evinizə qədər ayaq açır. Əgər bir ölkədə ədalət təmin olunmursa, insanlar haqqı bərqərar etmək üçün fərqli tərəflərə yönəlirlər. Təhsil sistemi bərbaddırsa, insanların hüquqları tapdalanırsa, insanlar doğrunu-yanlışı unudur, hakimiyyəti düşmən gözündə görürlər.

Əfqan höküməti kimi bizlər də illəri bir birinə calaya, həqiqi mənada yola verə bilərik, sonda bir Taliban ortaya çıxanda da uzaq ellərdən birində kimsə halımıza 2-3 cümləlik status həsr edib kövrələr. Bu gün əfqanların ABŞ təyarəsinə möhtac odluğu kimi biz də kimsə möhtac olarıq. Çönüb üzümüzə baxanımız belə olmaz. 

Araz