Elmir Abbasov: "Aldığınız hər nəfəsdə etirazla qarşılaşacaqsınız!"

31/07/2021

N!DA Vətəndaş Hərəkatının üzvü Elmir Abbasov yazır:

30 iyun 2021 - "Bu gün ecofront ilə birgə Sumqayıtda məişət və sənaye tullantılarının yandırılması / yanması ilə bağlı şəhər icra hakiminin müavinləri ilə görüşümüz oldu. Tullantıların yandırılması / yanması nəticəsində havaya buraxılan zərərli qazların Sumqayıt şəhər sakinlərinə nə qədər böyük zərər vurduğunu və yaranmış vəziyyətin qəbuledilməzliyi haqqında icra hakimiyyəti nümayəndələrinə iradlarımızı bildirdik.

Rəsmilər bizim tələblərimizi dinlədilər və söz verdilər ki, yaxın iki gün (bazar gününə qədər) ərzində yaranmış xoşagəlməz vəziyyətin aradan qaldırılması ilə bağlı tədbirlər görüləcək, tullantıların yanmaması üçün nəzarət gücləndiriləcəkdir.

Lap yaxşı, təki vətəndaşlar üçün xeyirli olsun!

Şəxsi fikrimə gəldikdə isə, dövlət qurumları tərəfindən vətəndaşlara verilən vədlərə həmişə şübhə ilə yanaşmışam və yanaşacam da. Nə də olsa Azərbaycanda yaşayırıq!"

***

1 avqust 2021 - Dövlət qurumlarının gördüyü işə həmişə şübhəylə yanaşdığımı demişəm. Sağ olsun Sumqayıt Şəhər İcra Hakimiyyəti məni yanıltmadı. İki gün öncə Sumqayıtda məişət tullantılarının yandırılması ilə bağlı şikayətimizə "Bazar gününə kimi həll edəcəyik" deyən icra hakimiyyəti verdiyi sözün üstündə dura bilmədi. Artıq bazar ertəsidir və hələ də məişət tullantıları poliqonunda yandırılan zibilin zərərli tüstüsü Sumqayıt şəhərini bürüməkdədir.

Sumqayıt İcra Hakimiyyətinin vəzifəli şəxslərinədir sözüm:

Sumqayıt sakinləri sizdən çox şey istəmir. Onlar normal nəfəs ala biləcəkləri hava istəyirlər. Sizdən istirahət etdiyiniz kurortların, dağların havasnı istəyən yoxdur. Vəzifə səlahiyyətlərinizi yerinə yetirməyinizi tələb edirik. Sumqayıt insanına verdiyiniz vədlərin arxasında durmadığınız təqdirdə, aldığınız hər nəfəsdə etirazla qarşılaşacaqsınız!