Ülvi Həsənli 2016-cı ilin sentyabrında tibbi müayinədən keçib. Nəticədə onda revmatizm və ürəyində problem aşkar olunub. Buna görə də Gəncə Hərbi Komissarlığı 2019-cu ilədək möhlət hüququ verib. Bu ilin oktyabr ayının əvvəlində evlərinə Hərbi Komissarlıqdan bildiriş gəlib. Yenidən müayinə olunub, ultrasəs müayinəsində böyrəyində daş və iltihab olduğu aşkar olunub. Ülvi Həsənliyə əlavə müayinələr təyin ediblər. Oktyabrın 25-də yenidən USM-dən keçib və bu müayinənin nəticəsini əks etdirən sənəddə revmatizm, ürək və böyrəklərindəki problemlər göstərilməyib. Əvəzində isə sağlam olduğuna dair saxta sənəd tərtib olunub.

Oktyabrın 26-da Hərbi Komissarlığın göndərişi ilə müayinə üçün getdiyi Kardiologiya xəstəxanasında Hərbi Polis tərəfindən saxlanılaraq Komissarlığa aparılıb. Ordan isə cəbhə bölgəsinə göndərilib.

Bildiririk ki, sağlamlığı hərbi xidməti yerinə yetirməyə imkan vermədiyi halda, möhlət hüququ bitmədən, aparılacağı barədə xəbərdarlıq edilmədən, faktiki olaraq oğurlanaraq hərbi xidmətə aparılıb.

Nida Vətəndaş Hərəkatı olaraq bəyan edirik ki, Ülvi Həsənlinin bu qaydada hərbi xidmətə aparılması siyasi sifarişdir, qanunsuzdur və Nida Vətəndaş Hərəkatındakı və Abzas.net saytındakı fəaliyyəti ilə bağlıdır.

Tələb edirik ki, Ülvi Həsənli geri qaytarılsın və yenidən şəffaf şəkildə müayinədən keçirilsin. Əks təqdirdə Ülvi Həsənlinin hərbi xidmət dövründə başına gələcək istənilən hadisəyə görə məsuliyyəti birbaşa ordu rəhbərliyi və Azərbaycan hakimiyyəti daşıyacaq.