İctimai fəallığına və tənqidi mövqeyinə görə NİDA Vətəndaş Hərəkatının üzvləri müxtəlif yollarla təqib olunub və olunmaqdadırlar. Hal-hazırda hərəkatın 5 üzvü beynəlxalq hüquq müdafiə təşkilatı tərəfindən siyasi məhbus kimi tanınırlar. 

İlkin Rüstəmzadə ictimai-siyasi proseslərdə fəal olan Azad Gənclik təşkilatının, həmçinin bir sıra müxalifət partiyalarının və vətəndaş cəmiyyəti təşkilatlarının birləşdiyi Milli Şuranın üzvüdür. NİDA Vətəndaş Hərəkatının üzvləri ilə birgə ittiham edildiyinə görə elə həbsxanada bu hərəkata qoşulub. Həbsinə qədər Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alırdı.12 yanvar və 10 mart 2013-cü il tarixlərində Azərbaycan Ordusundakı özbaşınalıq və qanunsuzluqlara, habelə dinc şəraitdə əsgər ölümlərinə etiraz olaraq Facebook vasitəsilə Bakının mərkəzində “Əsgər ölümlərinə son” aksiyasını təşkil edib, nəticədə bu aksiyalara çoxsaylı etirazçı qatılıb. Məhz bu aksiyaları təşkil etdiyi üçün ona qarşı təzyiqlər başlayıb, o polisə çağırılıb, bir neçə dəfə barəsində inzibati həbs seçilib. İ.Rüstəmzadə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror nəticəsində həlak olmuş şəxslərin anım günü - 2013-cü il 30 aprel tarixində gənclərin təşkil etdiyi “Terrora yox” aksiyasında saxlanılaraq 15 sutka inzibati həbs cəzası alıb. Bu həbs müddəti bitdikdən bir neçə gün sonra isə İ.Rüstəmzadə xuliqanlıq törətməkdə ittiham edilib və həbs olunub. Sentyabrın 12-də həbsdə olan NİDA üzvləri ilə bərabər ona qarşı da iğtişaşları təşkil etmə və ya iştirak etmə maddəsi ilə yeni ittiham irəli sürülüb və onun işi NİDA fəallarının cinayət işinə birləşdirilib. Amnesty International İlkin Rüstəmzadəni vicdan məhbusu kimi tanıyıb.

HEYKƏL MƏHBUSLARI

10 may 2016-cı ildə səhər saatlarından etibarən sosial şəbəkələrdə və bəzi xəbər portallarında Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyevin Bakının mərkəzində olan heykəlinin üzərində yazıları əks etdirən fotolar yayılıb. Fotolardan aydın görünür ki, heykəlin postamentinə “Qul bayramınız mübarək” və “Fuck the System” ifadələri yazılıb və anarxistlərə məxsus simvolika da yazılarla bərabər postament üzərinə çəkilib. Mayın 10-da Azərbaycanda H.Əliyevin doğum günü ilə əlaqədar Gül bayramı keçirilir. Bu yazılar həmin bayrama etiraz formasıdır. Mayın 11-də isə sosial şəbəkələrdə və xəbər portallarında iki gənc fəalın yoxa çıxması ilə bağlı məlumatlar yayılıb. Bununla belə, rəsmi məlumat yalnız mayın 12-də yayılaraq bildirilib ki, hər iki gənc narkotik maddə ittihamı ilə mayın 10-da saxlanılıb. Onların hər birindən 1 kq-dan artıq heroinin aşkar edilərək götürüldüyü iddia olunub. İmkansıs ailədə yaşayan gənclərin bu miqdarda narkotik maddəni əldə etmələri ilə barədə rəsmi məlumat cəmiyyətdə birmənalı qarşılanmayıb, bu həbslə bağlı yerli mediada, sosial şəbəkələrdə gedən müzakirələrdə, vəkillərinin çıxışlarında, həm yerli, həm də beynəlxalq təşkilatların bəyanatlarında ittihamın saxta, cinayət təqibinin isə siyasi motivli olduğu bildirilir. Gənclər saxlandıqları vaxt və saxlandıqdan sonra döyülüblər, hər ikisi qeyri-insani və insan ləyaqətini alçaldan rəftara məruz qalıblar.

Mayın 12-də onlar barəsində Xətai Rayon Məhkəməsinin (hakim İbrahim İbrahimli) qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib (Bayram Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli qərarı ilə daha 2 ay uzadılıb və cinayət işi oktyabr ayının əvvəlində baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib; Qiyas İbrahimovun isə məhkəmə prosesi elə həmin məhkəmədə başlayıb). Məhkəmələri zamanı hər iki gəncin döyülməsi və zorakılığa məruz qalması açıq şəkildə görünüb. Bundan əlavə, vəkil Elçin Sadıqov mayın 12-də gənclərin saxlandığı Nərimanov Polis İdarəsinin müvəqqəti saxlanma yerində Qiyas İbrahimovun polis idarəsinin ərazisini süpürməyə məcbur edildiyinin şahidi olub və bunu sənədləşdirmək üçün polis idarəsinin təhlükəsizlik kameralarından çıxarışların alınması məqsədilə sorğu ilə müraciət edib. Gənclər onlara verilən işgəncə ilə bağlı yerli və beynəlxalq ictimaiyyətə müraciət ediblər. BMT-nin Özbaşına Saxlanma üzrə İşçi Qrupu üzvlərinin həmin tarixlərdə Bakıya səfəri olduğundan Qrupun bəzi ekspertləri hər iki gənclə görüşüb. Səfərin nəticələri ilə bağlı dərc edilən hesabatda Qrup gənclərlə zorakı davranışın nəticəsi ola biləcək xəsarətləri gördüklərini qeyd ediblər. Bundan əlavə, gənclərə yaxınları və istədikləri vəkillə əlaqə saxlamaq imkanı verilməyib, bu da ciddi qanun pozuntusudur. Onların saxlanması da faktiki olaraq 2 sutkaya yaxın gizli saxlanılıb. Mayın 11-də hər iki gəncin evində axtarışa gələn polislər ailə üzvlərinin evə girməsinə imkan verməyiblər, onlar evdə qısa müddət ərzində narkotik maddə aşkarladıqlarını bildirərək oradan gediblər. Hər iki gənc həbs qətimkan tədbiri seçilərkən iştirak etdikləri proseslərdə bildiriblər ki, postamentin üzərinə yazıları onlar yazıblar. Polislər onlardan dövlət televiziyasının çəkiliş aparması şərti ilə heykəldən üzr istəməyi tələb edib. Bunun əvəzində isə onları azadlığa buraxmağa hazır olduqlarını deyiblər. Hər iki gənc Bakı Slavyan Universitetinin (BSU) sonuncu kurs tələbəsi olub. Həbs edilən zaman ali məktəbi bitirmək üçün son 2 imtahanları qalıbmış, vəkili həm Penitensiar Xidmətə, həm də BSU-ya gənclərin son imtahanlarını verməyə şərait yaradılması ilə bağlı müraciət etsə də, buna imkan yaradılmayıb və faktiki onların universiteti bitirməsinin qarşısı alınıb. Hər iki gənc Azərbaycan telekanallarında yayımlanan intellektual oyunların iştirakçısı və qalibi olub. Freedom House və Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatları gənclər barəsində həbs qərarı verildikdən sonra bəyanatla çıxış edərək ittihamların inandırıcı olmadığını və həbsin ifadə azadlığına zərbə olduğunu bildiriblər . Amnesty International hər iki gənci vicdan məhbusu elan edib . Hər ikisinin qanunsuz həbsi ilə bağlı şikayətləri Avropa Məhkəməsinə göndərilib. 

Bayram Məmmədov və Qiyas İbrahim qeyri-qanuni olaraq 10 il həbs cəzası alıblar. 

ELGİZ QƏHRƏMAN

Qəhrəman Elgiz Camal oğlu 1986-cı ilin noyabr ayının 1-də Yevlax rayonu Havarlı kəndində anadan olub. 2004-cü ildə ildə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini bitirib.

Bakalavr təhsilini Ankara Üniversiteti Siyasi Bilimlər Fakultəsi, Beynəlxalq Əlaqələr bölümündə alıb. Paralel olaraq Anadolu Universiteti Açıq Öyrətim Fakultəsi Xarici Ticarət bölümündə oxuyub. Türkiyədə təhsilini başa vurandan sonra Bakıda riyaziyyat və məntiqdən abituriyentlərə dərs deyirdi.

2004-2013 illərdə Ankarada aktiv şəkildə diaspora işləri ilə məşğul olub. Ankara Universiteti nəzdində fəaliyyət göstərən “Araz” təşkilatının üzvü, daha sonra isə “Türkaz” təşkilatının qurucu üzvü olub. Həmin təşkilatın başqan yardımcısı görəvində çalışıb.

2009-2010-cü illərdə Türkiyədə fəaliyyət göstərən Azərbaycan Tələbə və Məzunlar Birliyi təşkilatının mediya və ictimai əlaqələr sorumlusu olaraq çalışıb. Ankarada olduğu 9 il ərzində bir çox tədbirlərin təşkilatçısı kimi tanınıb.

Belə ki, bu illər ərzində 31 yanvar M.Ə.Rəsulzadənin doğum günü və 28 may Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günün bayram törənlərində M. Ə. Rəsulzadəni anma və məzarının ziyarət olunmasını, Xocalı faciəsinin ildönümlərində anım mərasimləri və mitinqlər təşkil edib.

Elgiz Qəhrəman Azərbaycandakı ictimai-siyasi məsələlərə, insan haqlarına, Güney Azərbaycan, Doğu Türkistan türkləri məsələlərinə milli məsələ kimi yanaşıb, mitinq və konfranslarda aktiv şəkildə iştirak edib.

Gənc fəal 2015-ci ildən Nida Vətəndaş Hərəkatının üzvüdür və son parlament seçkilərində hərəkatın namizədlərindən biri olub.

Elgiz Qəhrəmanlı 2016-cı il avqustun 12-də saxlanılıb və həmin gün onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qətimkan tədbiri seçilib.

2017-ci il, yanvarın 16-da 5,5 il müddətinə azadlıqdan məhrum edilən NİDA fəalı Elgiz Qəhrəmanlı son sözündə bildirib ki, ona qarşı cinayət işi saxtalaşdırılıb.

O, “şahid” adlandırılan şəxsləri ancaq DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (BMCQMİ) görüb.

Növbəti gün onun evinə üç nəfər gələrək özlərinin qoyduqları kitabları “götürüblər”. Kitablardan biri rus dilində olub. Fəal rus dilini bilmədiyini deyib.

BMCQMİ-də dindirməyə gəlincə, fəal deyib ki, polislər orada onu döyüblər. BMCQMİ şöbə rəisi Kərim Əlimərdanovun kabinetində həm Quran, həm də dəyənək olub.

E.Qəhrəmanı Apellyasiya Məhkəməsinə buraxmayıblar. Onun həbslə bağlı şikayətinə orada baxılır.

“Məni narkotik maddə alverində ittiham ediblər. Əgər belədirdə niyə məni narkotik maddə satarkən tutmayıblar? Mən məntiq müəllimiyəm. Məni tutanda "Facebook" hesabımı aldılar, paylaşmalarıma baxdılar”, fəal bildirib.

Qeyd edək kii, Elgiz Qəhrəman Facebook-da prezident İlham Əliyevin oğlunu Şah İsmayılla müqayisə edib.

Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi "qanunsuz narkotik dövriyyəsində" ittiham olunan NİDA Vətəndaş Hərəkatının fəalı Elgiz Qəhrəmanlının 5 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.