"Siyasi həbslərə son" aksiyası - 13 oktyabr 2021

N!DA 13/10/2021

13 oktyabar 2021-ci il tarixində "Siyasi motivli həbslərə etiraz və Respublika Gününün dəyişdirilməsi"nə görə YAP-ın mərkəzi binası önündə NİDA Vətəndaş Hərəkatı, D18 Hərəkatı və bir sıra müstəqil fəalların təşkil etdiyi etiraz aksiyası baş tutub. Etiraz aksiyasında aşağıdakı bəyanat səsləndirilib:

"Son həftə ərzində bir sıra gənc fəallar: AXCP üzvləri Niyaməddin Əhmədovun və Fuad Əhmədlinin, o cümlədən jurnalist, ictimai fəal Anar Abdulla qanunsuz və heç bir əsas göstərilmədən həbs olunub.

Ardıcıl və məqsədli şəkildə həyata keçirilən bu həbslər, eyni zamanda ictimai fəalların təqib olunması Azərbaycanda irticaçı rejimin davam etdiyini, islahat ritorikasının sadəcə illuziyadan ibarət olduğunu göstərir.
Hakimiyyət mövcud həbslərlə insan və söz azadlığını kobud şəkildə pozmaqla isə əməli surətdə Azərbaycanı diktaturaya çevirmək məqsədi daşıdığını bir daha bəyan edib.

Hakimiyyətin son günlərdəki addımları şəxsən İlham Əliyevin qorxu hegemoniyasını bərqərar etməyə hesablanmış addımlardır.

Bütün bunları nəzərə alaraq, Bizlər, NİDA və D18 Hərəkatları sıralarında təmsil olunan və bir qrup müstəqil ictimai fəal şəxs Azərbaycanın diktaturaya çevrilməsi istiqamətində görülən işləri şiddətlə qınayır, öz əməlləri ilə irticaçı xarakterini gözlər önünə sərən hakimiyyəti qanunsuz həbsləri dərhal dayandırmağa və həbs olunan gənc fəalları azad etməyə çağırırıq!

Biz hakimiyyəti gənclərinin səsini boğmağın güclü Azərbaycan üçün effektiv vasitə olmadığını anlamağa dəvət edirik.

Azərbaycanın bu günki gündəmindəki heç bir anlayış insan hüquqlarından daha dəyərli və üstün deyildir.
Rədd olsun irtica! Yaşasın Cümhuriyyət!"

Aksiya nəticəsində NİDA Vətəndaş Hərəkatının İdarə heyəti üzvü Elmir Abbasov Səbail rayon məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs edilib.