ATP - "Müasir dövrdə siyasi ideologiyalar" - 26 mart 2022
26 mart 2022-ci il tarixində N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə "Alternativ Təhsil Platforması" təlim layihəsinə yenidən start verilib. "Siyasi aktivizm" adlanan təlimlər sessiyası pandemiyadan sonra hərəkatın təşkil etdiyi ilk offline tədbirdir.
Yeni təlimlər sessiyası insan hüquqları, işçi hüquqları, gender problemləri, ekologiya, vətəndaş jurnalistikası, sosial media və layihələrin idarə olunması sahələrində peşəkar təlimçilərin iştirakı ilə baş tutacaq. Təlimlər həm nəzəri, həm də praktiki olmaqla baş tutacaq və iştirakçıların müxtəlif sahələrdə aktivist kimi formalaşmasına imkan yaradacaq.
Layihə çərçivəsində təşkil olunan "Müasir dövrdə siyasi ideologiyalar" adlı ilk təlim 26 mart tarixində başa tutub. PhD Araz Əliyevin spiker olduğu təlimdə iştirakçılara klassik və müasir siyasi ideologiyalar, ideologiya anlayışının mahiyyəti və müqayisəli təhlili ilə bağlı ətraflı məlumat verilib, Azərbaycanda siyasi ideoloji mühit barədə müzakirələr aparılıb.
Qeyd edək ki, "Alternativ Təhsil Platforması" bir neçə ildir ki, mövcud təhsil sistemində yer verilməyən, insan hüquqları, demokratiya, siyasi iştirakçılıq və azadlıqlarla bağlı alternativ bilik və bacarıqların öyrədilməsi məqsədi daşıyan layihədir. N!DA Vətəndaş Hərəkatının təşkil etdiyi "Alternativ Təhsil Platforması"-nın təlimlər sessiyasının qarşıdakı 2 ay müddətində davam etməsi planlaşdırılır.