İctimai kampaniya: #StopF1

17/04/2023

Artıq illərdir ki, Azərbaycan hakimiyyəti dövlət büdcəsi hesabına "Formula-1" yarışlarının təşkilini həyata keçirir. Hər il ciddi xərclərə başa gələn bu yarış ölkə iqtisadiyyatına heç bir faydası olmadığı kimi, dövlət büdcəsi üçün əlavə yükə, Bakı şəhəri sakinləri üçün isə başağrısına çevrilib.

Hər il bir ay müddətində onsuz da bərbad olan Bakı şəhərinin nəqliyyat sistemini daha da iflic vəziyyətə salınır, vətəndaşlarımız dəmir-beton maneələr arxasına məhkum edilir.

Yüksək bilet qiymətləri, milyonlarla dövlət vəsaitinin xərclənməsi hesabına başa gələn "Formula-1" yarışları ölkə vətəndaşlarının rifahına yox, xarici turistlərin və müəyyən bir zümrənin eqzotik zövqlərinə hesablanmış əyləncədir.
Bütün bunlar azmış kimi Azərbaycan hakimiyyəti qarşıdakı illərdə də bu yarışların Bakıda keçirilməsi məqsədilə yeni müqavilə bağlamağa hazırlaşır.

N!DA Vətəndaş Hərəkatı olaraq Azərbaycan hakimiyyətindən hər il "Formula-1" yarışlarına sərf edilən mənasız xərcləri dayandırmağı, ictimaiyyətə bu barədə hesabat verməyi, sakinlərinin rahatlığını pozmamağı və bu "şou"-nu sonlandırmağı tələb edirik!

#stopF1