N!DA - "Laçın dəhlizi" ətrafındakı hadisələrlə bağlı rəsmi mövqe - 13 dekabr 2023
Son günlər Laçın dəhlizi və Qarabağdakı monitorinq fəaliyyəti ilə bağlı yaşananlar, qarşı tərəfin səsləndirdiyi iddialar və qeyri-dəqiq məlumatlar müxtəlif spekulyasiyalar üçün zəmin hazırlayır. Bu spekulyasiyalar beynəlxalq arenada Azərbaycanın nüfuzuna xələl gətirə biləcəyi kimi, regionda sülh quruculuğu prosesinə də ciddi zərbə vura bilər.
N!DA Vətəndaş Hərəkatı olaraq Azərbaycan hakimiyyətini mövcud böhranlı vəziyyətin emosional yox, ağıllı şəkildə, sülh quruculuğu prosesinə zərbə vurmadan, Qarabağın etnik erməni əhalisi ilə aramızdakı tarixi faciələrin yenidən qabarmasına imkan vermədən və birgəyaşayışa əngəl törətmədən idarə olunmasına səsləyirik.
Mövcud böhranlı vəziyyət Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmalıdır. Lakin:
Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və təmin olunması, rus sülhməramlılarının səbəb olduğu problemlərin və anlaşmazlıqların aradan qaldırılması bölgədə yeni problemlərin ortaya çıxmasına, tarixi düşmənçiliyin yenidən qabardılmasına şərait yaratmamalıdır.
Qarabağın etnik erməni əhalisinin Azərbaycanın ərazi bütövlüyü içərisində yer aldığı və onlarla gələcək birgəyaşayışın labüdlüyü unudulmamalı, potensial Azərbaycan vətəndaşları kimi onların təməl hüquq və azadlıqlarına hörmət edilməlidir.
Qarabağda Azərbaycanın ərazi bütövlüyünü və suvrenliyini təmin edərkən burada məskunlaşan etnik erməni əhalinin taleyini şübhə altına atacaq və bölgədə humanitar fəlakətə səbəb olacaq davranışlardan çəkinilməli, Azərbaycanın bu illər ərzində beynəlxalq arenada səsləndirdiyi erməni əhali ilə bağlı fikirlərə uyğun davranılmalıdır.
Sülh quruculuğu və yekun sülh müqaviləsinin hazırlanmasına əngəl olmağa çalışan üçüncü tərəflərin Qarabağdakı mümkün təxribatlarına uyulmamalı, xalqlar arası münasibətlərin gələcəyi üçüncü tərəflərin geosiyasi maraqlarına qurban verilməməlidir.