N!DA - "Media qanunu" haqqında rəsmi mövqe - 5 fevral 2023
Son aylarda hakimiyyət özünün qəbul etdiyi “Media haqqında” mürtəce qanun əsasında öz maraqlarına uyğun, nəzarət və idarə edilən media formalaşdırmaq istiqamətində fəal iş aparır.
Mürtəce qanun ilə hakimiyyət media sahəsində azad fəaliyyət göstərən qurum və şəxsləri tamamilə sıxışdırmağa, sosial medianı və vətəndaş jurnalistikasını boğmaq üçün qanuni əsaslar yaratmağa çalışır. Söz azadlığını və azad mətbuatı sıradan çıxarmağa çalışan hakimiyyət qanundakı boşluqlardan, əsassız və məntiqsiz tələblərdən istifadə edərək məqsədinə nail olmağa çalışır.
N!DA Vətəndaş Hərəkatı olaraq “Media haqqında" qanunun və ondan irəli gələn əsassız tələblərin Konstitusiyaya zidd olduğunu, birbaşa söz azadlığının və azad medianın boğulmasına xidmət etdiyini, medianın dövlət tərəfindən yönləndirilməsinə və media subyektlərinə total nəzarət imkanlarına şərait yaratdığını qeyd edirik!
Mürtəce xarakterli qanunun və ondan irəli gələn əsassız tələblərin Azərbaycan Konstitusiyasının, Avropa İnsan Haqlari Konvensiyasının müddəalarına zidd olduğunu və açıq şəkildə irticaçı hakimiyyətin maraqlarına xidmət etdiyini xatırladır, bu qanuna və onun tələblərinə etiraz edən media nümayəndələrinə tam şəkildə dəstək veririk !
N!DA Vətəndaş Hərəkatı olaraq Azərbaycan hökumətindən və qanunverici orqandan Avropa Konvensiyasının 10-cu (İfadə azadlığı), Azərbaycan Konstitusiyasnın 47-ci (fikir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrinin tələblərinə riayət etməyi və azad jurnalistikanı məhv etməyə yönəlmiş irticaçı fəaliyyətlərini dayandırmağı tələb edirik!
Rədd olsun irtica, yaşasın azad media !