N!DA Vətəndaş Hərəkatı - Məişət zorakılığı ilə bağlı müzakirə - 5 mart 2021

06/03/2021

NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü, feminist ictimai fəal Rəbiyyə Məmmədovanın 5 mart 2021-ci ildə Polis Akademiyasında təşkil olunan məişət zorakılığı ilə bağlı müzakirədəki çıxış nitqi:

Mənə verilən məlumata görə, bu gün bura toplaşmağımızın səbəbi məişət zorakılığına qarşı təkliflərimizin bu məsələlər üzrə cavabdeh şəxslər tərəfindən dinləniləcəyidir.

İlk olaraq onu qeyd etmək istəyirəm ki, əgər hakimiyyət həqiqətən bu niyyətində səmimidirsə, qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında İstanbul Konvensiyasını gecikmədən qəbul edib, ratifikasiya etməlidir. Əgər bunun üçün heç bir addım atılmayacaqsa, bu cür nəticəsiz görüşlərin keçirilməsini mənasız vaxt itkisi hesab edirəm. Çünki illərdir bu mövzuda dəyirmi masalar, ayrı-ayrı QHT-lər vasitəsilə layihələr işlənilib. Əgər bu gün qadın qətlləri, məişət zorakılığı zəminində intiharlar yaşanırsa, deməli bu işlərin heç bir nəticəsi olmayıb.

Biz 2021-ci ildə sığınacaq məsələsini, qadınlara qarşı zorakılığı, intihar hadisələrini müzakirə etməli deyilik. Lakin təəssüf ki, biz bu gün bu mövzunu müzakirə etməyə məcburuq, çünki birbaşa hakimiyyət və cavabdeh şəxslər illərdir ki, bu mövzuya qarşı biganədir. Sanki Azərbaycanda belə bir problem ümumiyyətlə mövcud deyil. Bu gün məişət zorakılığı, qadın istismarı, qadın hüquqlarının pozulması kimi məsələləri müzakirə etmək üçün kimlərinsə özünün 20-ci mərtəbədən atması gözlənilir.

Mən sözü çox uzatmadan məsələ ətrafında konkret problemlərin həlli ilə bağlı təbələrimizi dilə gətirmək istəyirəm:

1.     Məişət zorakılığının, xüsusilə qadın zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında İstanbul Konvensiyası vaxt itirmədən qəbul edilib, ratifikasiya edilməlidir;

2.     Polis vəzifə səlahiyyətləri çərçivəsində qanunların tələblərini yerinə yetirməlidir; Polis bir məsələni anlamalıdır ki, hər bir polis nəfəri rütbəsindən, vəzifəsindən asılı olmayaraq qanun keşikçisidir. Polis barışdırıcı missiyasını üzərinə götürməməlidir, çünki el ağsaqqalı olmaq onun vəzifə borclarına daxil deyil.

3.     Polis işçilərinin özbaşınalığı ilə bağlı faktlar araşdırılmalıdır; Çox təəssüf ki, polisə müraciət edən zərərçəkənlərin əlaqə nömrələrinə müraciətlərindən sonrakı günlərdə tanışlıq mesajları atılır. Bu mesajlar sözdə qanun keşikçisi olan şəxslər tərəfindən göndərilir.

4.     Müvafiq QHT-lərin və müstəqil təşkilatların, xüsusilə bölgələrdə qadınlara qarşı zorakılığa və erkən nikahlara qarşı fəaliyyət göstərməsinə şərait yaradılmalıdır;

5.     Erkən evlilik və yetkinlik yaşına çatmayan qız uşaqların istismarı məsələsində dövlət qurumları prinsipial mövqe sərgiləməlidir; Bu cür hallara qarşı dövlət orqanları barışmaz mövqedə durmalı, yektinlik yaşına çatmayan uşaqları evləndirən, onları təhsildən uzaqlaşdıran valideynlər qanunvericilik çərçivəsində ən sərt şəkildə cəzalandırılmalıdır.

6.     Qız uzaqlarına yönəlik selektiv abortların qarşısının alınması istiqamətində ciddi işlər görülməli və qanunvericiliyin tələbləri yerinə yetirilməlidir;

7.     Qız uşaqlarının orta məktəblərdə təhsildən yayındırılmasının qarşısı alınmalı, onların orta və aili təhsil almaq imkanları təmin olunmalıdır; Bu məqsədlə universitetlərdə qızların ödənişlərin azaldılması, təqaüd və yataqxana imkanlarının yaxşılaşdırılması istiqamətində işlər görülməlidir, qız uşaqlarını təhsildən yayındıran ailələrə külli miqdarda maddi cəzalar verilməli və bu cür valideynlər məsuliyyətə cəlb olunmalıdır.

8.     Uşaq evlərində böyüyən qız uşaqlarının təhsil, iş və karyera imkanları təmin olunmalı, cəmiyyətə tam təhlükəsiz adaptasiya olunmalarına təminat verilməlidir;

9.     Sosial müdafiə baxımından zəif qadınların vəziyyətinin yaxşılaşdırılması, onlar üçün iş və məşğulluq imkanlarının yaradılması istiqamətində fəaliyyət aparılmalıdır; İş yerlərində qadın işçi kvotasını qanuniləşdirilməli, qadınlar üçün təhlükəsiz iş imkanları təmin olunmalıdır.

10.  Maddi təminat və sosial müdafiə imkanlarına malik olmayan qadınların fahişəliyə cəlb olunmasının qarşısını almaq üçün zəruri tədbirlər görülməlidir;

11.  Zorakılığa və işgəncəyə məruz qalan qadınların şikayətlərini ünvanlaya biləcəkləri operativ qurumlar yenidən təşkil edilməli, şikayətlərə dərhal reaksiya verilməli və bu qurumların fəaliyyətinə ictimai nəzarət təmin olunmalıdır;

12.  Zorakılığa, təcavüzə və işgəncəyə məruz qalmış qadınlara psixoloji yardım göstərilməli, onların təhlükəsizliyi təmin olunmalı, qadınlar üçün xüsusi sığınacaqlar və reabilitasiya imkanları yaradılmalıdır; Hazırda ölkədə cəmi 2 qadın sığınacağın fəaliyyət göstərməsi bu sahədə vəziyyətin acınacaqlı olduğunun sübutudur.

13.  Ölkədə qadın qətlləri, qadın zorakılığı, təcavüz, qadın istismarı, qadına şiddət, erkən nigah, qız uşaqlarının təhsildən yayındırılması, fahişəliyə cəlb edilmə kimi halların düzgün statistikası aparılmalı və nəticələrlə bağlı hesabat ictimaiyyətə təqdim edilməlidir;

14.  Məişət zorakılığı, ayrı seçkilik, işgəncə, istismar, təcavüz, məşğulluq, sosial müdafiə və s. kimi oxşar problemlər insan hüquqları çərçivəsindən qiymətləndirilməli və bu problemlərə yanaşmada gender ayrıseçkiliyinə yol verilməməlidir; Qadınlarla yanaşı LGBT fərdlərinin və digər gender qruplarına qarşı da zorakılığın qarşısının alınması istiqamətində tədbirlər görülməlidir. Ölkədə zorakılığa və istismara məruz qalanlar təkcə qadınlar deyil, LGBT və digər gender qrupları da bu məsələdə eyni dərəcədə qurban mövqeyindədir.

Biz zorakılıqdan danışırıqsa, ölkədəki polis zorakılığına da toxunmalıyıq. Dəfələrlə polis zorakılığına məruz qalmış şəxs kimi, zorakılıq göstərən polislərin kimlikləri məlum olsa da, bu günədək onlar haqqında hər hansı bir tədbirin görülmədiyinə şahid olmuşıq.

Bu gün NİDA vətəndaş hərəkatının üzvü Elmir Abbasov sosial şəbəkədə yazdığı statusa görə polis tərəfindən şərlənərək həbs olunub, Elmir bundan öncədə eyni səbəbdən məhz polis tərəfindən zorakılığa məruz qalıb. Elmirin anası bu gün onunla görüşə buraxılmır, aldığımız məlumata görə Elmir həbs olunarkən polis tərəfindən işgəncələrə məruz qalıb, ehtimal edirik ki, anası məhz bu səbəbdən yanına buraxılmır ki, zədə izləri itirilsin.

Hakimiyyət inkişaf etmiş Azərbaycan istəyirsə, gəncləri dinləməli, azad ruha sahib olduqlarına görə, şərləyib həbs etməməlidir. Yuxarıda sadaladığım tələblər təkcə mənim yox, bu sahədə fəaliyyət göstərdiyini idda edən hər qurum üçün prioritet məsələ olmalıdır və bu tələblərin yerinə yetirilməsi birbaşa olaraq dövlət qurumlarının vəzifəsidir. Mövcud problemlərin aradan qaldırılması istiqamətində hər hansı addım atılmadığı müddətcə qadın qətlləri, məişət zorakılığı, qadın istismarı kimi məsələlər siyasi mahiyyət daşımağa davam edəcəkdir.

Rəbiyyə Məmmədova, N!DA Vətəndaş Hərəkatı