N!DA Vətəndaş Hərəkatı yeni logosunu təqdim edir - 11 oktyabr 2021
2011-ci ildə bir qrup ictimai fəal gəncin təşəbbüsü ilə Azərbaycanda demokratiya və insan hüquqları sahəsində mübarizə aparmaq məqsədilə N!DA Vətəndaş Hərəkatını yaratdıq. Geridə qoyduğumuz 10 il ərzində dəfələrlə həbslərə və repressiyalara məruz qaldıq. Sırlarımız seyrəldi, hakimiyyətin, polisin ən sərt üzünün şahidi olduq. Gəncliyimizin ən parlaq illərini Azərbaycanın daha işıqlı və daha demokratik bir dövlətə çevrilməsi üçün qurban verdik.
Əzildikcə, təqib olunduqca mübarizə əzmimiz daha da gücləndi. Özümüzə və yolumuza inamımız daha da artdı. Hər kəs ümidini itirdiyi bir anda qəlblərimizin dərinliyində etiraz alovunu qoruyub saxlamağı bacardıq. Və hər kəsin bitdi dediyi anda yenidən qayıtdıq.
10 il əvvəl olduğu kimi eyni ideallar uğurunda mübarizə aparan gənc fəallar olaraq yenidən qayıtdıq. N!DA-nın şəxslər yox ideyalar olduğunu sübut etmək üçün yenidən doğulduq!
İlk olaraq sıralarımızı gəncləşdirdik, daha enerjili və gələcəyə ümidli gənclərlə çiyin-çiyinə mübarizəmizə qaldığımız yerdən davam etdirik.
10 il əvvəlki şüuarımızla yenidən #gəlirik!