N!DA Vətəndaş Hərəkatının "Tərtər işi" ilə bağlı bəyanatı - 24 aprel 2021
2017-ci ildə Azərbaycan Silahlı Qüvvələri sıralarında baş vermiş “Tərtər işi” ilə bağlı 2 minə yaxın hərbçi və mülki şəxs istintaqa cəlb olunaraq dəhşətli işgəncələrə məruz qalıb. Bu şəxslərin bir qismi verilən işgəncələr nəticəsində dünyasını dəyişib, digər bir qismi isə ciddi fiziki və mənəvi zərərə məruz qalıb.
N!DA Vətəndaş Hərəkatı “Tərtər işi” ilə bağlı olaraq qeyd edir:
1. Yalnış şəkildə sosial şəbəkələr və mediada “Tərtər işi” ilə bağlı baş verənlərin işıqlandırılması dövlətə, dövlətçiliyə və Azərbaycan ordusuna qarşı aparılan kampaniya kimi tirajlanır. Halbuki, məhz Azərbaycan Silahlı Qüvvələri tərkibində bu cür işgəncə faktlarının baş verməsi, bu cür hallara göz yumulması, istintaq materiallarının ictimaiyyətə açıqlanmaması Azərbaycanın və Azərbaycan ordusunun nüfuzuna zərbə vuran əsas amildir.
2. İstintaq prosesində kütləvi işgəncə faktlarına yer verilməsi, bəzi şəxslərin ittihamları sübuta yetirilmədən öldürülməsi istintaqın nəticələri haqqında da şübhələrin ortaya çıxmasına səbəbiyyət verir.
Bütün bu arzuedilməz düşüncələrin qarşısını almaq və ən əsası, minlərlə vətəndaşımızın hüquqlarının bərpası üçün N!DA Vətəndaş Hərəkatı tələb edir!
1. “Tərtər işi”-də işgəncə faktlarında birbaşa və ya dolayı yolla iştirak edən, işgəncə əməllərində adı hallanan şəxslər vəzifəsindən və rütbəsindən asılı olmayaraq məsuliyyətə cəlb olunmalıdır.
2. Cinayət işi ilə bağlı aparılan istintaqın nəticələri barəsində ictimaiyyət tam şəkildə məlumatlandırılmalı, işgəncələrlə bağlı faktların “dövlət sirri” adı altında ört-basdır edilməsinə imkan verilməməlidir.
3. İttihamları sübuta yetirilməyən, lakin işgəncələr nəticəsində öldürülən şəxslərə, onların ailələrinə bəraət verilməli, bu şəxslər hərbi qulluqçu olduqları üçün ölümlərinin hüquqi statusu müəyyən edilməli və ailələrinə təzminat ödənilməlidir.
4. İttihamları sübuta yetirilməyən, lakin işgənclərə məruz qalan şəxslərə və onların ailələrinə vurulmuş fiziki və mənəvi zərərə görə təzminat ödənilməlidir.
5. İttihamları sübuta yetirilmiş şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyətə cəlb olunması təmin edilməlidir.
6. "Tərtər işi"-də adı hallanan dövlət qurumları və birbaşa siyasi hakimiyyət Azərbaycan ordusuna vurduqları ləkə üçün ictimaiyyətdən və zərərçəkmiş şəxslərdən, onların yaxınlarından və ailələrindən rəsmi şəkildə üzr istəməlidir.