N!DA VH İdarə heyətinin belediyye.net platformasına müsahibəsi - 27 yanvar 2023

27/01/2023

NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Elmir Abbasov hərəkatın bələdiyyə ilə bağlı mövqeyini Belediyye.netə açıqlayıb.

Bələdiyyə institutu yerli idarəetmənin və xalqın siyasi iştirakçılığının ən önəmli nümunəsidir. Dünya təcrübəsində bələdiyyələrin effektivliyi və siyasi sistem içərisindəki rolu müqayisə olunmazdır və işlək bir demokratiya üçün də bələdiyyə institutu olduqca vacibdir. Lakin Azərbaycan reallığında biz bələdiyyələrin məqsədli şəkildə sıradan çıxarıldığının şahidi olmuşuq. Təəssüflər olsun ki, Azərbaycanda bələdiyyələr əhalinin siyasi iştirakçılığının və yerli idarəetmənin təminatçısı yox, sadəcə hakimiyyətin avtoritar yanaşmasının uzantısı, qol-qanadıdır. Bunun əsas səbəbi də ölkədə demokratik seçkilərin mövcud olmaması və əhalinin siyasi iştirakçılığının yox dərəcəsində olmasıdır. Kamran Bayramova sual vermək lazımdır ki, bu acınacaqlı vəziyyətin səbəbi kimdir? Ölkədə seçki institutunu məhv edən, əhalinin siyasi iştirakçılığını baltalayan və bələdiyyələri formal quruma çevirən bu hakimiyyət deyilmi? Aydındır ki, bu müzakirələr Kamran Bayramov və digərlərinin öz düşüncəsinin məhsulu deyil. Onlar sadəcə icazə verilən və ya tapşırılan mövzularda danışan adamlardır. Bu artıq illərdir ki, hər kəsə bəlli olan həqiqətdir.

Biz, NİDA Vətəndaş Hərəkatı olaraq düşünürük ki, bələdiyyələrlə bağlı mövcud situasiyanın arxasında ilk növbədə hakimiyyətin Qarabağda qarşılaşdığı böhranlı vəziyyət dayanır. Hakimiyyət yaxşı başa düşür ki, Qarabağ ermənilərini Azərbaycana inteqrasiya etmək üçün onların bir sıra hüquqlarını tanımağa məcburdur. Bu hüquqlar içərisində siyasi iştirak və yerli idarəetmə məsələsi xüsusi yer alır. Bir müddət əvvəl söhbət gəzirdi ki, hakimiyyət Xankəndindəki ermənilərə bələdiyyə səviyyəsində yeri özünü idarəetmə hüququ verə bilər. Yeri gəlmişkən erməni icmasının tələblərindən birinin də məhz bu olacağı ehtimal edilirdi. Lakin mövcud situasiya hakimiyyətin bu yanaşmadan imtina etdiyini göstərir. Səbəb isə sadədir. Ermənilərə yerli idarəetmə hüququ vermək avtoritar sistemin təməl dayaqlarını sıradan çıxaracaq addımdır. Çünki bu halda ölkədə seçkinin önəmi artacaq və hər kəs düşünəcək ki, ermənilərə verilən azadlıq bizə niyə verilmir? Niyə ermənilər öz bələdiyyələrini seçə bilir, biz yox? Bu avtoritar hakimiyyət üçün kabus deməkdir. Ona görə də hakimiyyət problemi kökündən həll etmək istəyir. Baxın ölkədə bələdiyyə institutu ümumiyyətlə mövcud deyil, heç kimə də belə bir hüquq verə bilmərik. Hakimiyyət sırf seçim azadlığı verməmək üçün sabah parlamenti belə ləğv edər.

Bələdiyyələrə yönəlik destruktiv fəaliyyətlərin digər bir səbəbi də məhz insanların siyasi iştirakçılığına imkan verən qurumların sıradan çıxarılmasıdır. Hakimiyyət heç bir halda insanların özünüidarəetməsi ilə hesablaşmayacağını, demokratik prinsipləri mənimsəməyəcəyini bəyan edir. Bu proses "Media haqqında" və "Siyasi partiyalar haqqında" qanunun davamı, demokratik dəyərlərin məqsədli şəkildə sıradan çıxarılmasıdır. Xalqın seçdiyi bələdiyyə hakimiyyət üçün problemdir. Lakin yuxarıdan təyin olunan lal-dinməz xüsusi nümayəndə sistemin davam etməsi üçün həyati önəmə malikdir. Bələdiyyələrlə bağlı da vəziyyət bizim fikrimizcə bu cürdür.