N!DA Vətəndaş Hərəkatı "Kriminal dövlət istəmirik!" aksiyasında - 14 may 2022
14 may 2022-ci il tarixində saat 15:00-da vətəndaş cəmiyyəti nümayəndələri, ictimai fəallar və jurnalistlər “Kriminal dövlət istəmirik” şüarı ilə Fəvvarələr meydanında yürüş-aksiya keçiriblər. Yürüş iştirakçıları son dövrlərdə ictimai fəallara və jurnalistlərə qarşı artan polis zorakılığına, şiddət və ölüm təhdidlərinə, xüsusilə ictimai fəal Bəxtiyar Hacıyevin təhqir olunmasına və jurnalist Aytən Məmmədovanın ölümlə hədələnməsinə və cinayətkarların hələ də həbs olunmamasına etirazlarını nümayiş etdiriblər.
Yürüşdə N!DA Vətəndaş Hərəkatı İdarə heyəti və üzvlər səviyyəsində təmsil olunub. Yürüşün Təşkilat Komitəsinə daxil olan N!DA VH İdarə heyəti üzvü Elmir Abbasov və Hərəkat üzvü Ülvi Həsənli, həmçinin N!DA üzvü Nicat Əmraslanov polis tərəfindən həbs olunub və digər üzvlər müxtəlif dərəcədə zorakılığa məruz qalıblar. Həbs olunan üzvlər daha sonra sərbəst buraxılıb.
Yürüşlə bağlı N!DA Vətəndaş Hərəkatının rəsmi mövqeyi:
"Dövlətin və onun qurumlarının əsas vəzifəsi vətəndaşın hüquqlarının qorunması və onlar üçün laiqli həyat şərtlərinin təmin olunmasıdır. Öz vətəndaşını ölümlə təhdid edən, hədələyən və buna şərait yaradan şəxslər və qurumlar isə öz legitimliyini itirməyə məhkumdurlar.
14 may aksiyası vətəndaş cəmiyyəti nümayəndləri, siyasi və ictimai fəalların bu ortaq dəyərlər uğrundakı mübarizəsinin simvoludur. Hər zaman zorakılığı və işgəncəni əsas metod olaraq istifadə edən hakimiyyətə vətəndaş cəmiyyəti tərəfindən verilən tutarlı mesajdır. Sivil vətəndaşlara qarşı zorakılıq törədənlər və bu zorakılığa göz yumanlar mafiadan, cinayətkardan fərqsizdir.
N!DA Vətəndaş Hərəkatı olaraq 14 may aksiyası ilə irticaçı hakimiyyətə və onun zorakılıq aparatına çevrilmiş qurumlarına qarşı mövqeyimizi bəlli etdiyimizi, təhdidə, şantaja və hədələmələrə boyun əymədiyimizi və əyməyəcəyimizi bir daha bəyan edirik.
Kriminal dövlət istəmirik !"